Bakıda beynəlxalq elmi-praktik
konfrans çərçivəsində Prezident və
Parlament kitabxanaları rəhbərlərinin müşavirəsi
keçirilmişdir
İyunun
29-da Bakıda Azərbaycan Respublikası Prezidentinin İşlər
İdarəsinin Prezident Kitabxanasının
yaradılmasının on illiyinə həsr olunmuş
"Dövlət idarəetmə orqanlarının sənəd-informasiya
təminatı: müasir vəziyyət və inkişaf
perspektivləri" mövzusunda beynəlxalq elmi-praktik konfrans
işini Prezident və Parlament kitabxanaları rəhbərlərinin
müşavirəsi ilə davam etdirmişdir.
AzərTAc
xəbər verir ki, Prezident Kitabxanasının direktoru
Mayıl Əhmədov konfransın birinci gününün səmərəli
olduğunu, bir çox məsələlərlə
bağlı geniş müzakirələr keçirildiyini qeyd
etmişdir.
M.Əhmədov
on ölkənin ali dövlət icra və qanunvericilik orqanlarının
kitabxana-biblioqrafik və sənəd-informasiya təminatı
ilə məşğul olan qurumlarının mütəxəssislərinin
iştirak etdikləri bugünkü müşavirədə də
faydalı fikir mübadiləsi aparılacağına
ümidvar olduğunu bildirmişdir.
Tədbirdə
Prezident Kitabxanası direktorunun müavini Cəmilə
Talıbzadənin "Prezident Kitabxanasının xarici əlaqələri
haqqında", kitabxananın məsləhətçisi Əliyusif
Məmmədovun "Müasir dövrdə dövlət
hakimiyyət orqanlarına göstərilən kitabxana xidmətinin
bəzi problemləri", Bakı Dövlət Universitetinin
biblioqrafiyaşünaslıq kafedrasının müdiri Nadir
İsmayılovun "Respublikanın dövlət idarəetmə
orqanlarına kitabxana-biblioqrafik xidməti göstərilməsi
sahəsində Azərbaycan Milli Kitabxanasının fəaliyyəti"
mövzularında məruzələri və Moldova Respublikasının Prezidenti
Aparatı Qanunvericilik İdarəsinin rəisi Mariana
Sekeryanunun təmsil etdiyi qurumun fəaliyyəti ilə
bağlı çıxışı dinlənilmişdir.
Daha
sonra müşavirənin işi diskussiya formasında davam
etdirilmişdir. Azərbaycan, Türkiyə, Belarus, Litva,
Macarıstan, Moldova, Rumıniya, Rusiya və Ukraynadan olan
nümayəndələr ölkələrində ali dövlət
qurumlarının sənədlərlə və biblioqrafik
informasiya ilə təmin edilməsinin aktual məsələlərini
geniş müzakirə etmişlər.
Tədbirdə
Prezident Kitabxanasının elmi katibi Kəmalə Sarıcalinskaya,
Martinas Majvidas adına Litva Milli Kitabxanasının baş
direktoru Renaldas Qudauskas, Rusiyanın Boris Yeltsin adına Prezident
Kitabxanasının informasiya resursları üzrə direktoru
Yelena Jabko, Ukraynanın nümayəndəsi Tamara Vileqjania
müzakirə olunan məsələlərə dair fikir və münasibətlərini bildirmiş, konfransın səmərəli
təcrübə mübadiləsi baxımından əhəmiyyətini
qeyd etmişlər.
Türkiyə
Böyük Millət Məclisi Kitabxana və Arxiv Xidmətinin
rəhbəri Mehmet Toprak müxtəlif ölkələrdən
olan konfrans iştirakçılarının təmsil etdikləri
qurumlar arasında əlaqələrin yaradılmasını və
birgə layihələrin həyata keçirilməsini təklif
etmişdir.
Belarus
Respublikası Prezident Kitabxanası direktorunun müavini Lyudmila
Naumova konfrans iştirakçıları adından
çıxış edərək tədbirin təşkilinə
göstərilən köməyə və yaradılan şəraitə
görə Azərbaycan rəhbərliyinə minnətdarlığını
bildirmişdir.
Bununla
da, "Dövlət idarəetmə orqanlarının sənəd-informasiya
təminatı: müasir vəziyyət və inkişaf
perspektivləri" mövzusunda ikigünlük beynəlxalq
elmi-praktik konfrans öz işini
başa çatdırmışdır.
Azərbaycan.-2013.- 30 iyun.- S.7.